Əldə olunan məlumatlara əsasən, Homsda son baş verən hadisələr zamanı şimal bölgələrindən gələn silahlı sünni qruplar şəhərin ələvi məhəllələrinə daxil olaraq “Homs sünnilərə məxsusdur” şüarı ilə hücumlar həyata keçirib. Bu hücumlar təkcə fiziki dağıntı deyil, həm də ölkə daxilində mövcud olan konfessional parçalanmanın təhlükəli səviyyəyə çatmasının göstəricisidir. Hələ bir ay əvvəl şimal-qərb vilayətlərində ələvilərə qarşı təşkil olunmuş genişmiqyaslı hücumlar artıq xəbərdarlıq xarakteri daşıyırdı. İndi isə bu hücumların coğrafiyası genişlənməkdədir.
Keçid hökumətinin bu vəziyyətə münasibəti və atdığı addımlar isə kifayət qədər effektiv təsir bağışlamır. Əksinə, bəzi müşahidəçilər qeyd edir ki, hazırkı rəhbərlik müxtəlif silahlı sünni qruplaşmaların dəstəyi ilə hakimiyyətə gəlib və onların üzərində real nəzarətə malik deyil. Bu isə onu göstərir ki, Suriyanın keçid rəhbərliyi yalnız formal struktur olaraq mövcuddur, praktiki idarəetmə isə fraqmentləşmiş silahlı elementlərin əlindədir. Belə bir mənzərə ölkənin suverenliyinə və dövlətçiliyinə real təhlükə yaradır.
Cənub bölgələrindəki duruz icmasının artan narazılığı da Suriyanın etnik və dini xəritəsində yeni gərginlik nöqtələrinin yarandığını göstərir. Bu icmanın xaricdəki soydaşları ilə birləşmək barədə bəyanatları bölgədə daxili konsolidasiyadan çox, parçalanma meyllərinin artdığını göstərir. Dəməşq ətrafında baş verən qarşıdurmalar zamanı dörd nəfərin həyatını itirməsi və onlarla yaralının olması, bu tendensiyanın nə qədər təhlükəli olduğunu sübut edir. Əgər duruz icması genişmiqyaslı ayrımçılığa yönələrsə, bu, təkcə ölkə daxilində deyil, bölgədə də domino effekti yarada bilər.
Eyni zamanda şimal-şərqdəki kürdlərin federasiya modelinə uyğun muxtariyyət tələb etməsi keçid hökuməti ilə YPG-yə bağlı qurumlar arasında yeni qarşıdurma risklərini artırır. Qamışlıda keçirilən toplantı zamanı irəli sürülən təkliflər və bu təkliflərin açıq şəkildə rədd edilməsi göstərir ki, Suriya rəhbərliyi üçün milli bütövlük “qırmızı xətdir”. Bu isə o deməkdir ki, istənilən muxtariyyət tələbi, istər kürdlərdən, istərsə də başqa etnik icmalardan gəlsin, rəsmən təhlükə kimi qəbul olunur.
Beləliklə, Suriya hazırda yalnız xarici müdaxilələrin deyil, həm də daxili məzhəb və etnik parçalanmaların yaratdığı ikili təzyiq altındadır. Əgər ölkə daxilində konfessional və etnik uzlaşma mexanizmləri qurulmazsa, hazırkı situasiya daha da ağırlaşacaq. Artıq keçid hökuməti üçün əsas vəzifə yalnız sabitliyi qorumaq deyil, həm də ölkənin vahidliyini fiziki və siyasi müstəvidə təmin etməkdir. Əks halda, hazırkı parçalanma getdikcə daha dərin sosial və siyasi böhrana çevriləcək və Suriya de-fakto bir neçə dini və etnik regiona bölünmüş, suverenlikdən məhrum bir əraziyə çevrilə bilər.
Nəticə etibarilə, Suriyada baş verənlər dini münaqişə kimi qavranılsa da, əslində bu, mərkəzi hakimiyyətin suverenlik uğrunda apardığı mübarizənin bir formasıdır. Ölkənin gələcəyi, məhz bu mübarizənin uğuru və ya uğursuzluğu ilə müəyyən olunacaq.
Asif Cəfərov
Ordu.az